İnteryerdə minimalizm tərzi

İnteryerdə minimalizm tərzi təmkinlik və ciddilik ilə xarakterizə olunan dizayndır. Sözügedən bu tərzə funksional interyer predmetlərindən istifadə etməklə, formaların həndəsi düzgünlüyü və iki əsas rəngin ahəngi ilə nail olunur. Hər hansı bir məkanı dizayn edərkən ərazini düzgün şəkildə ayırmaq çox vacibdir. İnteryer yaradılarkən texniki materiallardan geniş istifadə olunur. Bu materiallar adətən yığcam, qara və yaxud boz rəngdə olurlar və sərt həndəsi formaya sahibdirlər. 

Bəziləri öz inanclarına əsaslanaraq Yaponiya və yaxud Skandinaviya minimalizmi kimi istiqamətləri seçirlər. Digərləri üçün isə minimalizm sahib olduqları kvadrat metrlərdən rasional istifadə etməyin yeganə yoludur. Bu istiqamətin əsas fərqləndirici xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 

Müasir minimalizm tərzində interyer dizaynında məkanın çoxluğu vacib element hesab olunur. Bu səbəbdən də, məkanda arakəsmələri aradan qaldırmaq məsləhət olunur. 

Otağı kifayət qədər işıqla təmin etmək üçün böyük pəncərələrə ehtiyac duyulur. 

Lazımi rənglər yarımtonlardan müxtəlif şəkildə istifadə edərək əldə edilir. Ən geniş yayılmış rəng seçimi qrafik boz rəng ilə uyğunlaşdırılmış ağ rəngdir. 

İstifadə olunan materiallar: xromlu polad, şüşə, plastik, keramika, süni və təbii daş, ağac teksturası.

Minimalizm tərzində masa, divan, mebel və çılçıraqlar sadə formalarda olur. Bu zaman yüngül dərəcədə əyilmə formasına icazə verilir. Spiral forma isə yolverizməzdir. 

Bu tərzdə artistik dizayn və bəzəklər mövcud olmur. Divarlar isə bir neçə minimalist üslubda olan rəsmlə bəzədilə bilər.

Minimalist tərzdə dizayn edilmiş interyerdə divarlar hamar, mebelin hər bir predmeti isə dəqiq müəyyən edilmiş ölçü və rənglərə sahib olmalıdır. 

Pərdə əvəzinə isə üfüqi və yaxud şaquli jalüzlərdən istifadə olunur. 

Bu tərzdə dağınıq işıqlandırmaya üstünlük verilir və tavan neon, yaxud halogen lampalar ilə təchiz edilir. 

Minimalizm tərzində otaqların interyeri iddialı dizayn nümunələrindən bezmiş və zərif sadəliyə can atanlar üçün ideal seçimdir. Buna nail olmaq üçün dekordan və qeyri-funksional detallardan imtina etmək tələb olunur. Bu tərzdə dizayn edilmiş məkanda sadəlik və bol işıq üstünlük təşkil edir. 

Divarlar

Minimalizm tərzində divarlar dizayn edilərkən üzlük suvaqdan, geniş parlaq plitələrdən, divar kağızlarından istifadə etməyə icazə verilir. Divarlar həmçinin şüşədən, betondan və yaxud relyefli təbii daşdan da ola bilər. 

Minimalizm tərzində tavan 

Tavan interyeri yükləməməlidir və iri həcmli olmamalıdır. Bu səbəbdən də tavanın dizaynı zamanı çətin elementlərdən istifadə etmək qəbuledilməzdir. Tavana düzgün forma verərək onu açıq rəngə boyamaq və yaxud asma tavan quraşdırmaq daha məqsədəuyğundur. Otağın ərazisi böyük olduqda çoxsəviyyəli tavanlar işinizə yaraya bilər. 

Döşəmə

İnteryerdə lakonikliyi ifadə etmək üçün ən yaxşı vasitə təbii tonlarda naxışsız döşəmələrdən istifadə etməkdir. Döşəmə üçün bir neçə seçim mövcuddur: laminat, polimer örtük, parket, eynitonlu kovrolin, tökmə döşəmə və keramit plitələr. Bu tərzdə fərqli otaqlarda fərqli döşəmə örtüklərindən istifadə etmək mümkündür. Uzun xovlu xalçalar yataq otağınızda rahat görüntü yaradacaq.
 

İnteryerdə işıqlandırmanın təşkili

Heç bir mənzil dizaynı məkanın işıqlandırma dizaynı olmadan keçinə bilməz. İşıq vacib detaldır və onun köməkliyi ilə məkanın çatışmayan cəhətlərini gizlətmək, məkanı genişləndirmək və ümumilikdə rahat mühit yaratmaq mümkündür.

Ətraflı